BAKI, 24 aprel. TELEQRAF
Yüngül çəkidə UFC çempionu İslam Maxaçev kəmərindən məhrum oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə “ABC.es” saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu, Maxaçevin əslən gürcüstanlı olan İlya Topuriya ilə döyüşməkdən imtina edəcəyi təqdirdə mümkün olacaq.
Dağıstanlı döyüşçünün komandası döyüşə razılıq verilməsi ilə bağlı məlumatı təsdiq etməyib. Bu halda UFC Maxaçevi titulundan məhrum edəcək, Topuriya isə ən yaxın rəqibi Şarl Oliveyra ilə döyüşəcək.
Qeyd olunur ki, təşkilatın rəhbərliyi UFC-317 turnirinin döyüşlərini təkrarlamağa çalışır. Burada gecənin döyüşünün Driküs dü Plessi və Xamzat Çimayev arasında olması nəzərdə tutulurdu. Lakin məlum olduğu kimi, dü Plessinin zədəsi səbəbindən görüş baş tutmayacaq. Bu dəyişikliklərə görə UFC yüngül çəkidə kəmər döyüşünü gecənin əsas hadisəsinə çevirmək istəyir.