BAKI, 23 aprel. TELEQRAF
Azərbaycan cüdoçusu Əhməd Yusifov Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Teleqraf xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib ispaniyalı Fransisko Qarridos olub.
Rəqibinə ipponla qalib gələn Yusifov bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisi ilk yarış gününü bir medalla tamamlayıb.
*** 16:04
BAKI, 23 aprel. TELEQRAF
Monteneqronun paytaxtı Podqoritsada start götürən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi ilk yarış günündə bir medal uğrunda mübarizə aparacaq.
Teleqraf xəbər verir ki, 60 kq çəki dərəcəsində təsəlliverici görüşdə Əhməd Yusifov və Turan Bayramov bir-biri ilə üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Yusifov 3-cü yer uğrunda görüşdə ispaniyalı Frannsisko Qarriqosa rəqib olub.
Yusifov ilk iki görüşündə israilli İshak Aşpiz və rumıniyalı ALeksandru Mateyi üstələsə də, 1/4 finalda Fransa təmsilçisi Luka Mxeidzeyə uduzub.
Bayramov isə maltalı Ceyms Zahra və macarıstanlı Sanad Feçko üzərində qələbənin ardından eyni mərhələdə Beynəlxalq Cüdo Federasiyasını təmsil edən rusiyalı Ayub Blievə uduzub.
Digər cüdoçulara gəldikdə, 66 kq çəkidə Ruslan Paşayev elə 1/16 final mərhələsindəcə bolqarıstanlı Boyan Yotova yenilib.
Qadınların yarışında 48 kq çəkidə Könül Əliyeva polşalı Paulina Şlaxtaya qalib gəlsə də, türkiyəli Tuqce Bederlə görüşdə məğlubiyyətə düçar olub.
Daha təcrübəli Gültac Məmmədəliyeva isə 52 kq çəkidəki ilk qarşılaşmasında almaniyalı Çiara Serraya uduzub.
Qeyd edək ki, medal görüşləri Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.