BAKI, 10 aprel. TELEQRAF

“Cüdo Liqaları layihəsi üzərində bir müddətdir iş aparırdıq. Sonda U-14, U-17 və böyüklər liqaları üzərində dayandıq".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov Cüdo Liqaları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd həm məşqçilər, həm idmançılar, həm də komandalara maddi dəstək göstərmək, eləcə də milli yığmanın tərkibini peşəkarlaşdırmaqdan ibarətdir.

Talıbov bildirib ki, liqalarda yığılan xallar, milli yığmanın tərkibinə düşmək üçün əsas olacaq: "İlboyu keçirilən yarışlarda yığılan xallar toplanacaq. Hər bir liqada müxtəlif turlar olacaq. U-14 və U-17-də 4, böyüklərdə isə 3 yarış keçiriləcək. Həmçinin müxtəlif regiontipli və şəhərtipli yarışlar da olacaq. Mükafat fondu idmançı və məşqçilərə veriləcək. Komandalara isə maddi-texniki bazasının qurulmasına dəstək veriləcək".

Federasiya rəsmisi ölkə birinciliyində iştirakın əsas şərt olacağını diqqətə çatdırıb: "Ölkə birinciliyi bu liqalar içində ən böyük hesab olunur, bu səbəbdən, daha çox xal ona veriləcək. U-14 və U-17 liqaları həm qızlar, həm də oğlanlar üçün olacaq. Böyüklərdə isə ancaq oğlanlar çıxış edəcək. Buna səbəb hələ qızların iştirak etməməsidir. Əsas şərt ölkə birinciliyidir. Liqalar xal qazanmaq baxımından yaxşıdır. İdmançı üçün bütün liqalarda iştirak mütləq deyil, əsas keyfiyyətdir".

O, gələcəkdə bölgələrdə də liqalar formalaşdırmağı düşündüklərini açıqlayıb: "Bəli, belə bir planımız var. İlkin mərhələ sınaq məqsədi daşıyır. Yenə də bölgələrdən gələn idmançılara dəstək olmağa çalışırıq. Abşeron Olimpiya İdman Kompleksində 19-20 apreldə U-14, 21-22 apreldə U-17 yarışları keçiriləcək. İyunda isə böyüklər üçün olacaq. Mükafatlar böyük olacaq. Gənc hakimlər olacaq ki, onlar da kifayət qədər təcrübə toplayacaqlar. Sırf böyüklər liqalarında 3 yarış olacaq və o yarışlarda toplanılan xallar cəmləşdiriləcək. Yəni, sıfır əmsalla qoşulacaqlar, idmançının nə qədər titulları olsa da, hamı bərabərdir. Liqa öz hesabımıza maliyyələşdirilir. Əsas sponsor "Azercell"dir. İstənilən klub istənilən sayda idmançı ilə qoşula bilər. Say limiti yoxdur".

ACF baş katibinin müavini bölgələrdə cüdonun vəziyyətindən də danışıb: "Hazırda daha çox fərqlənən bölgələr qərb, şimal-qərb və aran zonalarıdır. Onlar təbii ki, Bakı və Sumqayıtdan sonra gəlir. Bölgələrdə heç də əmsallar eyni deyil. Fərqləndirilmə xalların verilməsində nəzərə alınır. Təşkilatlanmış klublar var. Məsələn, Mingəçevirdə "Qədir" klubu, Zaqatalada Mosul kəndidə zal var. Sonuncudan Avropa çempionu yetişib. Hazırda regionlarda özümüzün dəstək göstərdiyi, sıfırdan inkişaf etdirdiyimiz klublar var. Məsələn, Sabirabadda belə bir nümunə var. Həmçinin, həm tikilməkdə, həm də hazır olmaq üzrə olanlar var. Bu yaxınlarda Kürdəmirdə, Astarada və s. açılış oldu".

Federasiya rəsmisi bu aydan etibarən, Bakı və Sumqayıtda, eləcə də bölgələrdə “Peşəkar İnkişaf proqramı”nın təşkil olunacağını açıqlayıb. Onun sözlərinə görə, proqram 6 günlükdür: "Birinci proqram 14 - 19 apreldə Goranboyda olacaq. İlkin tibbi yardımdan tutmuş, bütün praktiki məsələlər üzrə hazırlıq keçiriləcək. Hər bir regionda ilboyu altı günlük proqram icra olunacaq. Yığma komandanın məşqçilərini də həmin yerlərdəki idman zallarına cəlb edərək oradakı müəllimlərə, sonra isə şagirdlərə təlim keçməyi düşünürük".

Talıbov bu layihəni beynəlxalqlaşdırmaq istədiklərini də diqqətə çatdırıb: "Ola bilər ki, bir neçə region ölkələrindən olan klublarla bizim klublar birlikdə yarışsınlar. Amma əsas məqsəd daxili liqanı gücləndirmək, yığma komandanı formalaşdırmaqdır. Liqanın sonunda hansısa nominasiyalar düşünmək olar".

ACF-nin Yarışların təşkili və keçirilməsi komitəsinin sədri, əməkdar məşqçi Ağayar Axundzadə isə bildirib ki, Cüdo Liqalarında iştirak sərbəstdir: "Hansısa ötən yarışda yer tutmaq və s. kimi xüsusi meyar yoxdur. Əsas şərtlər cüdo bacarıqlarına malik olmaqdır. İnanırıq ki, həm də daha şəffaf seçim olacaq".