
BAKI, 9 aprel. TELEQRAF
Azərbaycan sərbəst güləş millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ümumi komanda hesabında birinci yeri tutub.
Teleqraf xəbər verir ki, birinci pilləni gətirən əsas hadisə 125 kq çəki dərəcəsində Giorgi Meşvildişvilinin finalda Gürcüstan yığmasının üzvü Solomon Manaşvili üzərində qələbəsi olub.
Nəticədə Azərbaycanın aktivinə daha 25 xal yazdıran Meşvildişvili ümumi xal sayını 119-a çatdırıb. Gürcüstan isə 114 xalla ikinci yeri tutub. Üçüncü yer isə 73 xala malik Türkiyəyə qismət olub.
Azərbaycan millisinin 10 üzvündən 6-sı fəxri kürsüyə qalxıb. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi beşinci dəfə ümumi komanda arasında Avropa çempionu olub. Daha əvvəl bu nailiyyət 2009, 2017, 2022 və 2023-cü illərdə əldə olunub.