
BAKI. 4 mart. TELEQRAF
Azərbaycan cüdoçuları Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, toplanışa böyüklər və gənclərdən ibarət yığma komandaların ümumilikdə 30 üzvü cəlb edilib. Hazırlıq prosesi martın 21-dək davam edəcək.
Düşərgəyə əsas milli komanda Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra hazırlıq prosesi Kodokan Təlim Mərkəzində davam etdiriləcək. Təlimlərin növbəti hissəsində Yaponiya milli komandasının cüdoçuları da iştirak edəcək.
Bu toplanış apreldə Monteneqroda baş tutacaq Avropa çempionatına və mayda keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.
Təlimlərə böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edir.