
BAKI, 23 fevral. TELEQRAF
Rumıniyanın Breila şəhərində gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub.
Teleqraf xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı finala vəsiqə qazanıb.
Bilalhəbaşi Nəzərov (51 kq) rumıniyalı Andrey Turburyanu ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəzərov finalda ukraynalı Maksim Maşevski ilə qarşılaşacaq.
Abbasqulu Şadlinski (75 kq) isə bürünc medalla kifayətlənib. O, 1/4 finalda biləyindən zədələndiyi üçün Halil Sami (Bolqarıstan) ilə yarımfinal görüşünə çıxmayıb.
Beləliklə, Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb. 4 idmançı isə turniri bürünc medalla bitirib.
Qeyd edək ki, “Drakula Open”də final qarşılaşmaları bu gün keçiriləcək.