BAKI, 26 may. TELEQRAF

“İxrac nəzarəti haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ aktlara dəyişikliklər edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyət nəticələrinin) xarici iqtisadi dövriyyəsi zamanı “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunun tələblərinə ciddi riayət olunacaq.

Yeniliklərə əsasən, ixrac nəzarəti mexanizminə aşağıdakı sərt qaydalar əlavə edilib:

İxrac nəzarətinə düşən malların idxalı, ixracı, təkrar idxal/ixracı və tranziti zamanı həmin əməliyyatların "Hədəfli maliyyə sanksiyaları haqqında" Qanunla sanksiya tətbiq edilməli olan fiziki şəxslər və qurumlar tərəfindən və ya onların xeyrinə icra olunmasına yol verilməyəcək.

Sifarişçinin, yaxud sifarişçi hüquqi şəxs olduqda onun təsisçilərinin, benefisiar mülkiyyətçilərinin və qanuni təmsilçilərinin adları sanksiya siyahısında olduqda onlara xüsusi icazə verilməyəcək. Artıq verilmiş xüsusi icazələr isə bu səbəbdən ləğv ediləcək.

Xüsusi icazə almaq üçün müraciət edən hüquqi şəxslər təsisçiləri ilə yanaşı, benefisiar mülkiyyətçilərinin və qanuni təmsilçilərinin də tam adını, doğum tarixini, FİN kodunu və ya şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməlidirlər.

Xarici iqtisadi əlaqələr qurularkən həm ərizəçinin, həm də müqabil (tərəfdaş) tərəfin sanksiya siyahısında olub-olmaması yoxlanılacaq. Eyni zamanda, ikili təyinatlı malların son istifadəçilərinin də sanksiyaya məruz qalan şəxslər olmamasına nəzarət ediləcək.