BAKI, 25 may. TELEQRAF

Pambıqçılıqda bir hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

"Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm", -dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan intensiv bağçılığın da müsbət nəticəsini görür:

"Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun.

İstixana kompleksləri. Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq".