BAKI, 19 may. TELEQRAF

"Ermənistanda keçirilən seçkilərin nəticələrinin Azərbaycana birbaşa təsir göstərəcək".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında uzun illər davam edən qarşıdurma fonunda Ermənistanda baş verən siyasi proseslər Azərbaycanın strateji maraqları baxımından mühüm əhəmiyyət kəsb edir: "Hazırda Ermənistan hakimiyyəti sülh danışıqlarında iştirak etsə də, ölkə daxilində Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqedə olan revanşist qüvvələr hələ də mövcuddur. Bu qüvvələrin bir hissəsi hələ də Qarabağla bağlı iddialar səsləndirir, həmçinin qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürür. Əgər belə qüvvələr hakimiyyətə gəlsələr, regionda yenidən gərginliyin artması mümkündür”.

Tural Abbaslı qeyd edib ki, Ermənistan daxilində siyasi hakimiyyətin hansı qüvvələrin əlində olması Azərbaycanın yaxın illərdəki strateji hədəflərinə həm müsbət, həm də mənfi təsir göstərə bilər: "Hesab edirəm ki, Azərbaycan regionda hərbi, siyasi və iqtisadi üstünlüyünü qoruyub saxlamalıdır. Azərbaycan hər zaman Ermənistandan üstün mövqedə olmalı, təhlükəsizlik məsələlərində öz maraqlarını qorumalıdır”.

Murad Lazımov