BAKI, 15 may. TELEQRAF
Azərbaycan Prezidentinin, Birinci xanımın və Birinci vitse-prezidentin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinə cəlb olunan əməkdaşların mehmanxana xərclərinin ödənilməsi qaydasında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Prezidentin Protokol Xidmətinin əməkdaşlarının mehmanxana xərcləri təqdim olunan təsdiqedici sənədlər əsasında faktiki xərclərə uyğun şəkildə ödəniləcək.
Dəyişiklik “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarına əlavə edilib.
Yeni qayda Prezidentin, Birinci xanımın və Birinci vitse-prezidentin iştirak etdiyi ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin təşkilini təmin edən əməkdaşlara şamil olunur.