BAKI, 12 may. TELEQRAF
Nazirlər Kabineti elektron siqaretlərin, o cümlədən nikotin tərkibli olmayan cihazların dövriyyəsi, reklamı və tullantılarının idarə olunması ilə bağlı bir sıra normativ hüquqi aktlara dəyişikliklər edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Əsas dəyişikliklərdən biri reklam sahəsi ilə bağlıdır. Belə ki, “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na edilən əlavəyə əsasən, artıq nikotin tərkibi olmayan elektron siqaretlərin də reklamı qəti şəkildə qadağan edilib. Bununla da, nikotinli və nikotinsiz cihazlar reklam qadağası baxımından bərabərləşdirilib.
Qərara əsasən, Azərbaycan ərazisinə gətirilən bəzi aksizli malların aksiz dərəcələri və mal nomenklaturası siyahısından "birdəfəlik istifadə üçün elektron siqaret" sözləri çıxarılıb və müvafiq alt yarımmövqelər ləğv edilib. Bu dəyişiklik birdəfəlik elektron siqaretlərin vergiləndirilməsi və idxal rüsumlarının yeni təsnifata uyğunlaşdırılmasını nəzərdə tutur.
Yeni qaydalar elektron siqaret tullantılarının ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir. Belə ki, “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”na nikotin tərkibli elektron siqaretlər də əlavə olunub. Bu o deməkdir ki, bu cihazların tullantıları da tütün məmulatları ilə eyni qaydada – xüsusi utilizasiya tələblərinə uyğun idarə olunmalıdır.
Eyni zamanda, tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələblərdən "elektron siqaretlər" sözləri çıxarılaraq, bu cihazların fərqli tənzimləmə və ya daha geniş qadağalar çərçivəsinə salınması üçün hüquqi baza yaradılıb.
Aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısında da texniki dəqiqləşdirmələr aparılıb. Birdəfəlik elektron siqaretlər bəzi qeydiyyat siyahılarından çıxarılaraq fərdi elektrik buxarlandırıcı qurğular kimi (8543 40 000 0 kodu ilə) texniki tənzimləmənin şamil olunduğu mallar siyahısına daxil edilib.
Qeyd edək ki, bu qərar Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qəbul olunub və imzalandığı gündən qüvvəyə minir.