BAKI, 11 may. TELEQRAF
"Azərbaycan 30 il ATƏT-in Minsk Qrupundan ədalətli yanaşma gözlədi. Buna baxmayaraq ATƏT-in Minsk Qrupu olduqca yarıtmaz, hətta deyərdim ki, yaramaz bir fəaliyyətlə yaddaşlarda qaldı. Əsas hədəfləri ondan ibarət idi ki, işğal siyasətini rəsmiləşdirsinlər. Həm də Azərbaycana aşılamağa çalışırdılar ki, heç bir halda münaqişənin hərbi həll variantı yoxdur. Azərbaycan Lideri cənab İlham Əliyev isə olduqca müdrik addımlar atdı və biz öz reallığımızı özümüz yaratmağı bacardıq. Təbii ki, bu dövlətlər kiçik dövlətlər deyildi, nüvə dövlətləri idi. Həmin dövlətlər dünya siyasəti ilə bağlı olduqca mühüm qərarlar alırdılar. Qeyd olunmalı məqamlardan biri ondan ibarətdir ki, dünyanın müxtəlif istiqamətlərində gedən müharibə və münaqişələrə münasibət bir cür, Azərbaycana isə münasibət tamamilə fərqli idi. Yəni, burada biz selektiv yanaşmanın şahidi idik".
Bu barədə Teleqraf-a Milli Məclisin deputatı Azər Badamov bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyev hər zaman həqiqətləri çəkinmədən səsləndirirdi. İkili standartları daim sərt tənqid edirdi:
"Dövlət başçımız 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana gələn həmsədrlərə çox gözəl şəkildə cavab verdi, onları yerinə otuzdurdu. Çünki onların görməli olduğu işi biz özümüz həll etmişdik, həmsədrlərin isə turistik səfərlərinin şahidi olurduq. Anje Kasprşik bu məsələyə yüksək məvacibli iş kimi yanaşırdı. Xankəndidə, İrəvanda, Bakıda, Tbilisidə özünə bahalı villalar kirayə götürürdü. Hətta iş o yerə çatmışdı ki, tərəflər reallıq hissini tamamilə unutmuşdular, "Şimali Qarabağ" terminini ortaya atırdılar. Azərbaycana diktə edirdilər ki, ərazilərindən, əzəli torpaqlarından imtina etsin.
Talançılıq sadəcə torpaqla da məhdudlaşmırdı, mədəni irsimiz bölgədən qazınırdı, sərvətlərimiz talanırdı. Azərbaycanın səsini, nəfəsini o bölgədən kəsmək, silmək istəyirdilər.
Azərbaycan tarixi Zəfəri ilə ATƏT-in Minsk Qrupunu tarixin zibilliyinə gömdü. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini Azərbaycan özü icra etdi. ATƏT-in Minsk Qrupu nə ilə yadda qaldı? Riyakar fəaliyyəti ilə, ikili standartları ilə, müstəmləkə təfəkkürünün davam etdirilməsi ilə.
Aydın məsələdir ki, Ermənistan müstəqil dövlət qurmaq iqtidarında deyil. Bu dövlətlərin özü də bilir ki, Ermənistan bölgədə hansı maraqlara xidmət etmək üçün yaradılıb. Burada heç bir dövlətçilik ənənəsindən söz gedə bilməz. Ermənistan hər zaman diktə siyasəti ilə oturub-durub. Fransa əgər dünyanın başqa istiqamətlərində müstəmləkə siyasəti yürüdürsə, eləcə də burada Ermənistandan alət kimi istifadə edir. İndi də özlərindən hansısa saxta qəhrəman obrazı düzəltmək, guya Azərbaycan onlara hücum edir kimi narrativlər formalaşdırmaq yolverilməzdir.
Makron bu gün reytinqi ən aşağı olan liderlərdən biridir. Həyasızlığın o səviyyəsidir ki, Makron Ermənistandan Türkiyəyə keçmək istəyirdi. Azərbaycan isə qətiyyətlə yenə də Türkiyə ilə koordinasiyalı siyasət yürütdü. Birlikdə regional siyasət və gündəlik formalaşdırılır".
Deputat hesab edir ki, Avropa İttifaqının missiyasının Ermənistanda rolu sadəcə vəziyyəti gərginləşdirməkdir: "Təbii ki, Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, ölkəmizə qarşı yeni iddialar daha gur səslə səsləndiriləcək. Azərbaycan məhz o revanşistlərə qalib gəldi. 2020-ci il müharibəsində cənab Prezident İlham Əliyev Köçəryanları və Sarkisyanları məğlub etdi.
Bu gün artıq Azərbaycan bərpa və quruculuq işləri həyata keçirir. İnsanlarımız doğma yurd-yuvalarına geri dönürlər. Bərpa və quruculuq işlərinin simasında bir daha məlum olur ki, torpaqların əzəli və əbədi sahibləri kimlərdir".