BAKI, 8 may. TELEQRAF
Prezident İlham Əliyev Cinayət Məcəlləsinə və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.
Teleqraf xəbər verir ki, yeni dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatlarının yaradılması, onlara rəhbərlik edilməsi və fəaliyyətində iştirakla bağlı yeni 214-4-cü maddə əlavə olunub.
Qanuna görə, terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum ediləcəklər. Terror təşkilatına üzv olmaq və ya onun fəaliyyətində iştirak etmək isə 7 ildən 12 ilədək həbs cəzası ilə nəticələnəcək.
Eyni zamanda, hakimiyyət orqanlarını vaxtında məlumatlandıraraq terror fəaliyyətinin qarşısının alınmasına yardım edən şəxslərin, əməlində başqa cinayət tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulur.
Dəyişikliklərlə Cinayət Məcəlləsinin diversiya ilə bağlı 282-ci maddəsi də yenilənib. Yeni redaksiyaya əsasən, dövlətin müdafiə qabiliyyətinə, iqtisadi təhlükəsizliyinə və kritik infrastrukturuna qarşı yönəlmiş əməllərin süni intellekt texnologiyaları və xüsusi proqram təminatlarından istifadə edilməklə törədilməsi ayrıca ağırlaşdırıcı hal kimi müəyyən edilib.
Bundan başqa, mütəşəkkil dəstə tərəfindən, fövqəladə vəziyyət dövründə və ya qulluq mövqeyindən istifadə etməklə törədilən diversiya əməllərinə görə daha sərt cəzalar tətbiq olunacaq.
Qanunda həmçinin qeyd edilir ki, diversiya cinayətinin qarşısının alınmasına yardım göstərən şəxslər müəyyən hallarda cinayət məsuliyyətindən azad edilə bilərlər.