BAKI, 7 may. TELEQRAF

Azərbaycanda kişi və qadınların əməkhaqqı bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib.

Teleqraf xəbər verir ki, Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, işəgötürənlər üçün yeni öhdəliklər müəyyən edilib.

Dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. Bu tələb həm Əmək Məcəlləsinin işəgötürənin əsas vəzifələrini əks etdirən maddəsinə, həm də əməkhaqqının ödənilməsi qaydalarına əlavə edilib.

Qanunvericilikdə işin bərabər dəyərli sayılması üçün konkret meyarlar təsbit olunub. İşin bərabər dəyərli olması aşağıdakı amillər nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir:

Əmək şəraiti;

Əmək funksiyasının xarakteri;

Qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna edilən düzəlişlə bu sahədəki tələblər Əmək Məcəlləsi ilə uyğunlaşdırılıb. Bildirilir ki, eyni və ya bərabər dəyərli işə görə əməkhaqqı bərabər ödənilməlidir.

Qanun imzalandığı gündən qüvvəyə minib.