BAKI, 6 may. TELEQRAF

Azərbaycanın Baş naziri Əli Əsədov dövlət xidmətlərinin təşkili, reqlamentlərin nümunəvi forması və elektron reyestrin fəaliyyəti haqqında qərar imzalayıb.

Teleqraf xəbər verir ki, qərarla “Dövlət xidmətlərinin reqlamentinin nümunəvi forması”, “Dövlət Xidmətlərinin Elektron Reyestri” (DXER) informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı və sistemin Əsasnaməsi təsdiq edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə reyestrin “Hökumət buludu”nda (G-cloud) yerləşdirilməsini təmin etməlidir. Reyestrdə formalaşan açıq məlumatlar isə “Açıq məlumatlar” portalında ictimaiyyət üçün əlçatan olacaq.

Qərarda dövlət orqanları, yerli özünüidarəetmə orqanları və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün konkret müddət müəyyən edilib. Belə ki, yeni xidmət müəyyən edən hər hansı normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən etibarən 30 iş günündən gec olmayaraq xidmətin reqlamenti reyestrə daxil edilməsi üçün Dövlət Agentliyinə təqdim olunmalıdır.

Həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə elektron hökumət layihələri çərçivəsində informasiya təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi tapşırılıb.