BAKI, 28 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Nazirlər Kabineti arxiv işinin müasir texnologiyalar əsasında qurulması və elektron sənədlərin mühafizəsinin təmin edilməsi məqsədilə yeni qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Sənədə əsasən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə bu sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsi təmin olunacaq.
Sistemin təhlükəsizliyi və elektron hökumət layihələrinə inteqrasiyası məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər aidiyyəti qurumlar qarşısında konkret vəzifələr qoyulub. Bu, arxiv sənədlərinin həm rəqəmsallaşdırılmasını, həm də onların kiber-təhlükələrdən qorunmasını ehtiva edir.
Qərarla həmçinin Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarında da redaktə xarakterli dəyişikliklər edilib. Belə ki, əvvəlki sənədlərdə qeyd olunan "Vahid Elektron Arxiv Məlumat Sistemi (VEAMS)" adı rəsmi olaraq "Vahid elektron arxiv" informasiya sistemi ilə əvəzlənib və terminologiya vahid şəklə salınıb.