BAKI, 28 aprel. TELEQRAF

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Ağsu, İsmayıllı və Xızı rayonlarında yolların bərpası, sürüşmə və uçqunların aradan qaldırılması işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.

Sənədə əsasən:

Quba rayonunda: M-1 magistralının Zərqava-Kələnov hissəsində sürüşmələrin nəticələri aradan qaldırılacaq, Quba-İspik-Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqun təmizlənəcək. Həmçinin Quba-Qonaqkənd-Muçu və Yerfi-Adur yollarında çökmə və qabarmalar təmir ediləcək, Söhüb kəndindəki körpünün giriş-çıxış hissələri bərpa olunacaq.

Xaçmaz rayonunda: Xaçmaz-Xudat-Yalama, Mollaoba-Qıraqlı və Xaçmaz-Niyazabad-Qarğalıq yollarının hərəkət hissələri və suötürücü boruları yenidən qurulacaq. Caqacuq çayı üzərindəki qurğuya yanaşma yolları bərpa ediləcək.

Qusar rayonunda: Həzrə-Muçuq, Qusar-Sudur, Cağar-Cetkün və Qusar-Əniq-Laza istiqamətində yollar bərpa olunacaq, 35-ci km-də iki yeni körpü tikiləcək.

Sərəncamda bir neçə rayonda qəzalı vəziyyətə düşmüş körpülərin əvəzinə yenilərinin tikilməsi nəzərdə tutulur:

Siyəzən rayonunda: Siyəzən-Məşrif-Qalaaltı yolunun 11-ci km-də tamamilə qəzalı vəziyyətə düşmüş körpü yenisi ilə əvəzlənəcək.

Qaradağ rayonunda: Lökbatan-Güzdək yolunda yeni biraşırımlı körpü, Səngəçal-Çeyildağ yolunda isə dağılmış körpünün yerində müasir layihəli yeni körpü inşa ediləcək.

Şabran və Xızı: Düzbilici-Vələsi-Çinarlar yolunda körpü və borular, Altıağac-Xızı yolunun hərəkət hissəsi bərpa olunacaq.

Ağsu və İsmayıllı: Parakənd-Maşadıqanlı və Dəmirçi-Lahıc yollarının seldən zərər görmüş hissələri təmir ediləcək.

Bakı şəhəri üzrə ən vacib bərpa işlərindən biri Səbail rayonu ərazisində aparılacaq. Bakı-Ələt-Qazax magistralının 7-ci km-də (Bibiheybət məscidinin yaxınlığı) baş vermiş ciddi çat və sürüşmələrin nəticələri tamamilə aradan qaldırılacaq ki, bu da paytaxtın cənub çıxışında hərəkətin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, nəzərdə tutulan bütün işlər yol yatağının bərkidilməsi, suötürücü boruların yenilənməsi və hərəkət hissəsinin müasir standartlara uyğun bərpası ilə nəticələnəcək.