BAKI, 24 avqust. TELEQRAF

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarından dərhal sonra parlament sədri Ruben Rubinyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Görüşdə tərəflər ölkələr arasında parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələlərini müzakirə ediblər. Rubinyan İrəvanın Moskva ilə konstruktiv dialoqu davam etdirmək və uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxarılacağı təqdirdə çox məmnun olacağını bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Ermənistan tezliklə Avropa İttifaqına üzvlük üçün müraciət edəcək. Baş nazir Ermənistanın Avrasiya İqtisadi Birliyində qalıb-qalmayacağının referendumla həll ediləcəyini də açıqlamışdı.

Kreml Ermənistan hökumətinin başçısının hər iki açıqlamasına reaksiya verib.