BAKI, 8 avqust. TELEQRAF

“ABŞ-nin moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında imzalanan Vaşinqton sazişindən bir il keçir. Bu bir il ərzində Azərbaycan-Ermənistan müasibətləri xeyli dərəcədə normallaşıb, sülh bərqərar olub, logistik-ticari münasibətlər yaranıb, üçüncü ölkələrin iştirakı olmadan dialoq başlayıb”.

Teleqraf xəbər verir ki, bunu ReAl partiyasının sədri Natiq Cəfərli deyib.

“Bütün bunlar ona görə baş verdi ki ki, moderator ABŞ-dir, Rusiya Cənubi Qafqazda zəifləyib və Azərbaycan tarixi hərbi qələbəyə nail olub. Nə qədər qəribə səslənsə də, Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini və suverenliyini möhkəmləndirib, yükünü azaldıb, işğal və münaqişənin yaratdığı iqtisadi xərclərini sıfırlayıb”, - partiya sədri əlavə edib.

Natiq Cəfərli vurğulayıb ki, ABŞ-də məhz 8 avqust tarixində belə bir sənədin imzalanmasının böyük simvolik əhəmiyyəti də olub:

“Rusiya 2008-ci il avqustun 8-də Gürcüstana təcavüz edərək, ölkə ərazisinin de-fakto 20 faizlik işğalını de-yure tanıdı. Bu Moskvanın bölgədə dominantlığını xeyli artıran faktora çevrildi.

Cəmi 17 il sonra eyni tarixdə Vaşinqtonda atılan imzalar Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu xeyli zəiflətdi, Kremlin bölgəmizlə bağlı planlarını pozdu. Rusiyanın Cənubi Qafqazda zəiflədilməsi və sıxışdırılması da Azərbaycan-Türkiyə münasibətlərinin tarixi səviyyəyə yüksəlməsi ilə baş verdi. Bu gün Cənubi Qafqazda Rusiya zəifdirsə, zəifləməkdə də davam edirsə, bunun müəllifi Azərbaycan-Türkiyə ittifaqı, bu münasibətlərin yaratdığı sağlam təməldir.

İnanmaq istərdim ki, 2027-ci il bütün formal məsələlərin həlli ili olacaq, Cənubi Qafqazda sülh və əməkdaşlıq dərinləşəcək, günün birində dost Gürcüstan da öz ərazi bütövlüyünü bərpa edəcək, bölgəmiz iqtisadi-siyasi və mədəni əməkdaşlıq coğrafiyasına çevriləcək”.