BAKI, 25 iyun. TELEQRAF
“Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində çox sıx və fəal işləyir, bu fəaliyyət davam etdiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan (Rusiyanın iddialarının əksinə olaraq) AİB-də geri dönüşü olmayan mənfi proseslərin baş verdiyi qənaətində deyil, bu səbəbdən də təşkilat daxilində fəal əməkdaşlığı davam etdirmək niyyətindədir. O qeyd edib ki, mövcud problemlərin həll ediləcəyinə inanır, çünki əks halda bu, AİB-in özü üçün ciddi nəticələr doğura bilər.
Baş nazir xatırladıb ki, AİB əmək qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti prinsipləri üzərində qurulub. Onun fikrincə, əgər bu prinsiplər işləmirsə, deməli, ittifaq da faktiki olaraq mövcud deyil.
“Hesab edirik, AİB mövcuddur və üzv dövlət kimi düşünürük ki, müəyyən anlaşılmazlıq yaranıb və buna görə elə təəssürat formalaşıb ki, sanki ittifaq işləmir. Əgər AİB özü bəyan etsə ki, artıq yoxdur, onda bizim edə biləcəyimiz nə var? Biz AİB-in üzvüyük və onun çərçivəsində işləyirik. Əgər varsa, var, yoxdursa, deməli yoxdur”, - Paşinyan əlavə edib.
Xatırladaq ki, Rusiya Ermənistandan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim tələb edir. Rəsmi Moskvanın fikrincə, Ermənistanın Avropa İttifaqına üzvlüyü qərarı AİB-ə üzvlüyə uyğun gəlmir.