BAKI, 20 iyun. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze sabiq prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasının zəifləməsini müsbət hal hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Təkcə “Milli Hərəkat”da yox, ümumilikdə radikal müxalifətdə ağır vəziyyət hökm sürür. Hər cür çatışmazlıq və böhran var - kadr çatışmazlığı, intellektual çatışmazlıq. Gördüyümüz kadr təyinatı ideyaları da bunun təzahürüdür.

Dəfələrlə demişəm: bu, Gürcüstanda siyasi spektrin sağlamlaşması üçün çox yaxşıdır. “Milli Hərəkat” və ona yaxın partiyalar müxalifətin əsas nüvəsini təşkil etdiyi müddətdə, bizdə sağlam demokratik sistem formalaşa bilməz. Bu partiyaların getdikcə daha da zəifləməsi çox yaxşıdır. Belə şəraitdə Gürcüstanın birdəfəlik sağlam müxalifət spektri və buna uyğun olaraq sağlam demokratik sistem formalaşdırmaq imkanı yaranır”, - hökumət başçısı vurğulayıb.