BAKI, 11 iyun. TELEQRAF

Səslərin yenidən sayılması nəticəsində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının səsləri xeyli artıb.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın Ermənistan parlamentindəki fraksiyasının katibi Artur Ovannisyan məlumat verib.

Ovannisyan vurğulayıb ki, seçkilərlə əlaqədar vətəndaşlara rüşvət verənlər həbsxanada çürüyəcəklər: “Xalq bizə mandat verdi ki, oğruları cəzalandıraq”.

Fraksiya rəhbəri paylanan pul və rüşvətin istənilən halda seçkilərə təsir etdiyini istisna etməyib.

Artur Ovannisyan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın ölkədən qaçmağa çalışarkən, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu saxladıqlarını bildirib: “Sarukyanın oğlunu görməli olduğu yeganə yer həbsxanadır. Qəfəs sevən qəfəsdə qalacaq”.

O əlavə edib ki, müxalifətçilər mandatları götürüb parlamentə gəlsələr, siyasi zərbələr alacaqlar: “Boş-boş danışırdılar, qoy parlamentə gəlsinlər, onları yerdən-yerə çırpacağıq, siyasi onurğalarını sındıracağıq”.

“Vətəndaş Müqaviləsi”ndən olan deputat Vaaqn Aleksanyan da bildirib ki, bəzi seçki məntəqələrində yenidən hesablama nəticəsində hakim partiyanın səsləri (1031) artıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini iyunun 14-də açıqlayacaq.