BAKI, 10 iyun. TELEQRAF

Alican və Akyaka sərhəd-keçid məntəqələrinin mümkün açılışı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini sürətləndirmək və ikitərəfli ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq məqsədi daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.

Nəşr bildirib ki, Ermənistandakı seçkilərdən sonra Baş nazir postunda qalan Nikol Paşinyan Ankara ilə dialoqu fəallaşdırıb, diplomatik əlaqələr yeni impuls qazanıb.

Iğdırdakı Alican keçid məntəqəsinin bu yay istifadəyə veriləcək ilk məntəqə olacağı planlaşdırılır. Ermənistan tərəfində hazırlıq işləri artıq başa çatıb, Türkiyədə isə işlər başa çatmaq üzrədir.

“Yeni Şafak” qeyd edib ki, hazırda 300-350 milyon dollar dəyərində qiymətləndirilən ticarət geyimlər, kimyəvi və qida məhsulları, emal olunmamış qiymətli metallarla bağlıdır.

Birbaşa ticarətin başlanması ilə logistika xərclərinin azaldılması, məhsul bazarına daxil olma müddətinin sürətləndirilməsi və ikitərəfli ticarət həcminin sürətlə 1 milyard dollara çatdırılması gözlənilir.