BAKI, 9 iyun. TELEQRAF
“Ermənistan hava hücumundan müdafiə baxımından yalnız özünə güvənməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə ölkənin hava hücumundan müdafiə sisteminin Rusiyanın hava hücumundan müdafiə sistemindən ayrılmasının ordunun transformasiya konsepsiyasına uyğun olaraq planlaşdırılıb-planlaşdırılmadığı sualına cavab olaraq bildirib.
“Ermənistanın zenit, raket və pilotsuz təyyarə sistemləri baxımından yalnız özümüzə güvənməliyik. Başqasına güvənməməliyik. O qədər güclü olmalıyıq ki, Ermənistan ərazisində qarşımıza qoyulmuş vəzifələri müstəqil şəkildə yerinə yetirə bilək”, - o bildirib.
Baş Qərargah rəisi həmçinin iddia edib ki, hazırda Ermənistanın hava hücumundan müdafiə sistemi 2018-ci ildə ölkədə baş verən hakimiyyət dəyişikliyindən əvvəlkindən daha yaxşı vəziyyətdədir.
Xatırladaq ki, 2015-ci il yanvarın 23-də Moskvada Ermənistan və Rusiya arasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş imzalanıb. Sazişə Ermənistanın o vaxtkı müdafiə naziri Seyran Ohanyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu imza atıb. Birgə hava hücumundan müdafiə sisteminin yaradılmasının əsas məqsədi iki ölkənin hava hücumundan müdafiə qüvvələrinin və vasitələrinin Cənubi Qafqazda birgə istifadəsi və inteqrasiyası ilə bağlı idi.