BAKI, 3 iyun. TELEQRAF
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Avropa İttifaqının (Aİ) İrəvana dəstəyini müzakirə etmək üçün telefon danışığı aparacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” Brüsseldəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Aİ İrəvana maliyyə yardımı göstərməyə hazırlaşır:
“Maliyyə yardımından əlavə, Brüssel ticarət sektorunda Ermənistan üçün güzəştli şərtlər yaratmaq niyyətindədir. Söhbət “Muxtar Ticarət Tədbirləri”ndən (MTT) gedir. Bu tədbirlər çərçivəsində bəzi Ermənistan məhsullarının Avropa bazarına gömrük rüsumları və kvotalar olmadan daxil olması nəzərdə tutulur. Güzəştli rejimin hansı Ermənistan məhsullarına tətbiq oluna biləcəyi hələlik məlum deyil. Amma Aİ adətən böhran vəziyyətlərində iqtisadiyyatı sabitləşdirmək və Avropa bazarına inteqrasiyanı dərinləşdirmək üçün tərəfdaşlara dəstək lazım olduqda bu vasitədən istifadə edir”.
Mənbə Ukrayna və Moldovanın artıq bu rejimdən yararlandığını xatırladıb:
“Ermənistan hökuməti də hələ illər əvvəl Brüssellə bu güzəştli rejimlə bağlı danışıqlara başlayıb. İqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ildə bildirmişdi ki, müzakirələr asan getmir. Amma yeni məlumata görə, Avropa Komissiyası bu istiqamətdə addım atmağa hazırdır. Üstəlik, bu ticarət imtiyazları birtərəflidir və Ermənistan eyni tədbirləri Avropa mallarına tətbiq etməyə borclu deyil, bu da İrəvanın Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsindəki öhdəliklərinə zidd ola bilər”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bundan öncə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosla telefon danışığı aparıb. Söhbətdən sonra avropalı rəsmi X-də yazıb ki, Brüssel Rusiyanın artan iqtisadi təzyiqi ilə üzləşən Ermənistanla həmrəydir və dərhal cavab verməyin yollarını axtarır: “Cənubi Qafqaz və regionda ticarət və enerji əlaqələrinin təşviqi, eləcə də Ermənistanın yaxın qonşuları ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsini dəstəkləmək üçün işləri sürətləndirəcəyik. Ermənistan suveren və müstəqil ölkədir və xalqı öz ölkəsinin yolunu seçməkdə sərbəstdir”.
Qeyd edilib ki, Aİ Ermənistan üçün MTT-nin tətbiqini təsdiqləsə, bu, ixrac olunan məhsulların Avropa standartlarına və keyfiyyətinə cavab verməsi şərtilə Ermənistan istehsalçılarına Avropa bazarına daxil olmaq imkanı yaradacaq.