BAKI, 3 iyun. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi Mariya Zaxarova Avropa İttifaqına (Aİ) üzv olmağa çalışarkən, Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü qoruyub saxlamaq istəyən Ermənistanı istehzalı şəkildə tənqid edib.

Teleqraf xəbər verir ki, o, İrəvanı B nöqtəsindən Q nöqtəsinə getmək istəyən sərnişinə bənzədib.

“Təsəvvür edin: hava limanı, gözləmə zalı, keçid zonası və reysə minmə prosesi. Bir neçə sərnişin bütün yoxlama mərhələlərindən, sərhəd və pasport nəzarətindən keçir, hər biri qanunlara əməl edir, konkret məqsəd və vəzifələri var. Birdən reysə minmə elan ediləndə sərnişinlərdən biri həmin reys üçün qeydiyyatdan keçsə də, deyir: “Bilirsiniz, mən əslində B nöqtəsinə getmirəm, Q nöqtəsinə getmək istəyirəm”, - Zaxarova bildirib.

Ermənistanın AİB-də qalmaqla yanaşı Aİ-yə də qoşulmaq niyyətini şərh edən Rusiya rəsmisi qeyd edib ki, bu, artıq iki stulda oturmağa çalışmaq da deyil:

“Manipulyasiya baş verəndə bu, normal deyil. Müəyyən sahənin normal fəaliyyətini təmin edən xoş niyyətlərdən və qanunilikdən qeyri-səmimi məqsədlər üçün istifadə olunması anormallıqdır. Anormallıq budur. Əgər siz B nöqtəsi vasitəsilə Q nöqtəsinə getmək istəyirsinizsə, bu da mümkündür - buna tranzit deyilir. Amma bunun öz logistikasını nəzərə almaq lazımdır. B nöqtəsinə uçuş üçün qeydiyyatdan keçirsiniz, uçursunuz, orada enirsiniz, hamıya uğurlar arzulayırsınız, sonra getmək istədiyiniz yerə yollanırsınız. Bu, açıq və şəffaf seçim olardı. Amma seçim artıq edilib. Seçiminizi dəyişmək istəyirsiniz? Buyurun. Bunun üçün sivil qaydalar mövcuddur”.