BAKI, 2 iyun. TELEQRAF
“Ermənistan mallarının Rusiyaya ixracına tətbiq olunan məhdudiyyətlər hələlik xəbərdarlıq xarakterli addımlardır, bunlar artıq ölkə vətəndaşlarına təsir göstərməyə başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
Deputatın sözlərinə görə, İrəvan guya heç nə baş vermirmiş kimi davranır, parlament seçkilərindən sonra da hər şeyin əvvəlki qaydada davam edəcəyini düşünür:
“Çox təəssüflənirik, şəxsən mən çox təəssüflənirəm ki, bu tədbirlər, məhdudiyyətlər və problemlər Ermənistan vətəndaşlarına təsir edir. Amma təsəvvür etmək olar ki, seçkilərdən sonra bu kurs təsdiqlənərsə, nə baş verəcək. Rusiya xəbərdarlıq xarakterli addımlar atarkən, Paşinyanın tərəfdarları və özü bildirir ki, heç bir qorxulu hadisə baş vermir, 7 iyundan sonra 8-i, 9-u, 10-u gələcək, hər şey əvvəlki kimi olacaq”.
Zatulinin fikrincə, İrəvanın “əvvəlki kimi” ifadəsi “Rusiyanı əvvəlki kimi aldatmağa davam edəcəyik”, “Rusiyanın düşmənlərinə əvvəlki kimi daha da yaxınlaşacağıq”, “Rusiyanın isə buna baxmayaraq dözməli və Avrasiya İqtisadi Birliyindəki tərəfdaşları ilə birlikdə bütün məsələlərdə Ermənistana güzəştə getməli olduğu” mənasını verir.
O qeyd edib ki, Ermənistan bu addımları Böyük Britaniya, Fransa və Almaniyanın yanında yer almaq kimi xəyali perspektivlər naminə atır.
Zatulin əlavə edib ki, mövcud duruma görə məsuliyyət təkcə Ermənistan yox, Rusiya da məsuliyyət daşıyır, Moskva Cənubi Qafqaz siyasətindən nəticələr çıxarmalıdır və artıq vəziyyətə təsir göstərmək üçün müəyyən addımlar atır: “Artıq Rusiya tərəfindən xəbərdarlıq edilib”.
Rusiyalı deputat iddia edib ki, Ermənistanda seçkilərə bir həftədən az vaxt qaldığı vaxtda vəziyyət daha da ağırlaşır və ekzistensial xarakter daşıyır: “Üstəlik, söhbət təkcə dövlətlərarası münasibətlərdə, ticarətdə və iqtisadiyyatda mövcud vəziyyətdən deyil, xalqlar arasındakı münasibətlərin taleyindən gedir”.