BAKI, 2 iyun. TELEQRAF
“Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi təkcə region üçün deyil, həm də Asiya ilə Avropa arasında birləşdirici qovşaq kimi bütün dünya üçün strateji əhəmiyyət kəsb edir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazir bu xəttin açılması sayəsində iki qitə arasında yükdaşımalarının 24 saat ərzində mümkün olacağını bildirib:
“Bu gün ancaq Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından danışmırıq, bu, Türkiyə, Gürcüstan və Azərbaycan arasında güclü tərəfdaşlığın və ortaq vizyonun ilk addımlarıdır. Üç ölkənin birgə səyləri ilə həyata keçirilən bu çox vacib layihə artıq reallığa çevrilib. Onun uğurla başa çatması böyük əhəmiyyət kəsb edirdi”.
Uraloğlunun sözlərinə görə, bu inkişafla Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizdə mühüm rola malikdir:
“Bu marşrutun beynəlxalq səviyyədə tam şəkildə fəaliyyət göstərməsi çox vacibdir, çünki böhran şəraitində alternativ nəqliyyat vasitələrinin mövcudluğu xüsusilə vacibdir. Bu, sadəcə alternativ vasitə deyil, qlobal əhəmiyyətli strateji dəmir yolu qovşağıdır. Təkcə alternativ yolların mövcudluğu kifayət deyil. Belə təhlükəsiz dəhlizlərin aktiv şəkildə fəaliyyət göstərməsi və düzgün şəkildə idarə olunması vacibdir. Təhlükəsiz nəqliyyat vasitələri böyük əhəmiyyət kəsb edir. Bunu Bakı-Tbilisi-Qars nümunəsində görürük. XXI əsrdə təkcə istehsalın gücü deyil, həm də istehsal etdiyimiz məhsulları nə qədər təhlükəsiz şəkildə daşıya biləcəyimiz və bu Orta Dəhlizin düzgün işləməsi böyük əhəmiyyətə malikdir. Düzgün fəaliyyət təkcə region üçün deyil, həm də dünya üçün çox vacibdir”ş
Nazir əlavə edib ki, dünya Bakı-Tbilisi-Qars dəmir yoluna təkcə nəqliyyat vasitəsi kimi baxmır, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm nəqliyyat mərkəzi olacaq bu tranzit dəhlizinin nə qədər vacib və təhlükəsiz olduğunu görür:
“Bütün bu məsələlərə böyük əhəmiyyət vermək lazımdır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi təkcə region üçün deyil, həm də Asiya ilə Avropa arasında birləşdirici qovşaq kimi bütün dünya üçün strateji əhəmiyyət kəsb edir. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin işlək vəziyyətə gətirilməsi üçün lazımi addımları atacağıq və bu, əsas məqamdır.
Bununla iki qitə arasında yükdaşımaları 24 saata mümkün olacaq. Bu, Türkiyə, Gürcüstan və Azərbaycan arasında güclü və yaxşı münasibətlərə əsaslanır. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə istifadəyə verilməsi regionumuza, Gürcüstana, Türkiyəyə və Azərbaycana böyük fayda gətirəcək”.