BAKI, 19 may. TELEQRAF
“Ermənistan münasibətimiz olduğu heç bir tərəfdaşımızı “boşamaq” niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarına cavab olaraq deyib.
“Siyasətimiz və diplomatiyamız tarix boyu bu cür “boşanmalar” görməyib. Belə bir münaqişə yaratmayacağıq, daha doğrusu, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı münasibətlərdə gərginlik yaratmayacağıq. Biz çoxsaylı əlaqələrlə bağlı olan tərəfdaşlarıq və bu münasibətləri qarşılıqlı faydalı şəkildə inkişaf etdirmək üçün sağlam mühitdə müzakirə etməyə hazırıq. Əlbəttə, problemlər var və dünyada bütün mümkün münasibətlərdə problemlər mövcuddur, həmişə belə olub. Bu problemlərin həlli konstruktiv müzakirələr yolu ilə tapılmalıdır”, - o bildirib.
Mirzoyanın sözlərinə görə, bütün tərəflər digər tərəfin bu və ya digər məsələ ilə bağlı müstəqil qərar qəbul etmək hüququna hörmətlə yanaşmalıdırlar.
Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyinə (AİB) gəlincə, xarici işlər naziri qeyd edib ki, belə bir qərarın qəbul edilməsi vaxtı gələndə həmin qərar veriləcək: “Bizə bu barədə kənardan məlumat verilməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, Vladimir Putin bundan əvvəl Ermənistani AİB və Aİ arasında seçim etməyə çağırmışdı. Rusiya lideri İrəvanın Aİ-yə görə AİB-dən mümkün çıxışını boşanma ilə müqayisə etmişdi.