BAKI, 13 may. TELEQRAF
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyduğu məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlama verib.
Teleqraf xəbər verir ki, açıqlamada Ankaranın qərarının Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
“Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayırıq, bu, ikitərəfli münasibətlərin normallaşdırılması prosesinin daha bir nəticəsidir. Bu qərar iki ölkə arasında ticarət və işgüzar əlaqələrin genişləndirilməsi, regionda iqtisadi əlaqələrin təşviq edilməsi, sülh və rifahın təmin edilməsi baxımından vacibdir. Bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addımdır və məntiqi olaraq bu, Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması yolu ilə davam edə bilər”, - XİN qeyd edib.