BAKI, 4 may. TELEQRAF

Avropa liderləri Avropa Siyasi Birliyinin sammiti üçün İrəvandadırlar. Bu sammit Rusiyanın uzun müddətdir Cənubi Qafqazda ən yaxın müttəfiqi hesab edilən Ermənistan üçün böyük simvolik əhəmiyyət kəsb edir.

Teleqraf xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidmətinin məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (Aİ) üzvlüyünə və ərazisində Rusiya hərbi bazasının mövcudluğuna baxmayaraq, bu gün 30-dan çox Avropa ölkəsinin lideri və Kanada baş naziri İrəvana gəlib:

“Moskva Ermənistan-Avropa İttifaqı (Aİ) yaxınlaşmasını qıcıqla izləyir. Rusiya Prezidenti Vladimir Putin Aİ-yə üzvlük istəyinin AİB-ə üzvlüklə uyğun gəlmədiyi barədə xəbərdarlıq edib. Bundan əlavə, Rusiya artıq Ermənistan mineral sularının idxalına qoyulan qadağadan tutmuş dövlət məmurları və vətəndaşlarına qarşı kütləvi kiberhücumlara qədər hibrid təhdidlərdən istifadə edir”.

Həmçinin BBC-yə görə, Avropa viza liberallaşdırılması və dezinformasiyaya qarşı mübarizədə dəstək vəd etsə də, Ermənistanın Aİ-yə üzvlüyünün və ya Rusiya qazının əvəzlənməsi planlarının vaxtı hələ dəqiqləşdirilməyib, bu da İrəvanın Moskva ilə Qərb arasında hələ tam balanslaşdırılmış mövqe tuta bilmədiyini göstərir.