BAKI, 28 aprel. TELEQRAF

“Xaricdə yaşayan Ermənistan vətəndaşları rüşvət alıb seçkilərdə iştirak üçün gələcəkləri təqdirdə İrəvan beynəlxalq hava limanında saxlanılacaqlar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

“Seçki rüşvətinin alınması cinayətdir və müvafiq xidmətlərimiz təkcə Ermənistanda deyil, həm də Ermənistandan kənarda vəziyyəti izləyir. Həmçinin KQB agenti olan arxiyepiskop Yezras (bütün ermənilərin katolikosu II Qareginin qardaşı – red.) və ya onun şəbəkəsi vasitəsilə rüşvət alan əziz həmvətənlər, bilməlisiniz ki, Yezras xüsusi xidmət orqanlarımızın xüsusi diqqət mərkəzindədir. Siz də bu məqsədlə rüşvət və ya pul alsanız, Ermənistana gələn kimi həbs olunacaqsınız”, - o qeyd edib.

Yerli mediada Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının rüşvət müqabilində müxalifətə səs vermək üçün ölkəyə göndərilə biləcəyi barədə məlumat yayılıb. Əsas hədəfin rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyana dəstəyin təmin edilməsi olduğu bildirilib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.