BAKI, 20 aprel. TELEQRAF
“Ümid edirəm, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulacaq, bu, iki ölkə arasında bərqərar olmuş sülhün institutsionallaşdırılmasının ən mühüm vasitələrindən və alətlərindən biri olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün institutsionallaşdırılması artıq 2024-cü ildə Tavuş-Qazax istiqamətində dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi ilə, daha sonra isə iki ölkənin sərhəd komissiyalarının birgə fəaliyyət qaydalarının imzalanması və ratifikasiyası ilə başlayıb.
“Bu proses 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin ilkin imzalanması (paraflanması) və Vaşinqton Bəyannaməsi ilə davam edib. Həmin sənədlə sülhün və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması prinsipləri təsdiqlənib”.
Baş nazir qeyd edib ki, bu proses artıq başladılıb və onun hüquqi əsası da mövcuddur. Onun sözlərinə görə, sərhəd komissiyalarının birgə fəaliyyət əsasnaməsi iki ölkə tərəfindən imzalanıb və ratifikasiya olunaraq hər iki dövlətin hüquq sisteminin ayrılmaz hissəsinə çevrilib.
“Həmin sənəddə göstərilir ki, sərhədin müəyyənləşdirilməsi üçün əsas prinsip Almatı Bəyannaməsidir. Bu isə o deməkdir ki, müstəqil Ermənistanın ərazisi keçmiş Sovet Ermənistanının ərazisinə, müstəqil Azərbaycanın ərazisi isə keçmiş Sovet Azərbaycanın ərazisinə uyğun hesab olunur”.
Nikol Paşinyan həmçinin bildirib ki, sülhün institutsionallaşdırılması üçün əsas addımlar da müəyyən edilib və bunlar həyata keçirilməlidir.
Baş nazir əlavə edib ki, həmin addımlar aşağıdakılardır:
Sərhədin delimitasiyası prosesinin davam etdirilməsi;
Vaşinqton Bəyannaməsinin davam etdirilməsi;
Ermənistan və ABŞ hökumətləri tərəfindən qəbul edilmiş TRIPP layihəsinin icra çərçivəsinin məzmununa uyğun olaraq TRIPP layihəsinin həyata keçirilməsi.
Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair yekun sazişin imzalanması, ratifikasiyası və həmin sənəddə nəzərdə tutulan tədbirlərin icrası.
Paşinyanın fikrincə, sülhün institutsionallaşdırılması üçün sadalanan addımlar tam deyil: “İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin təmasları, işgüzar dairələrin əlaqələri, ikitərəfli ticarət, siyasi, mədəni və humanitar dialoq da sülhün möhkəmləndirilməsinin vacib alətləridir və “Vətəndaş Müqaviləsi” Partiyası bu istiqamətlərin aktivləşdirilməsini dəstəkləyəcək”.
O həmçinin bildirib ki, artıq müəyyən nəticələr görünür: “Ermənistan və Azərbaycan arasında kiçik addımlarla ikitərəfli ticarət formalaşır, vətəndaş cəmiyyəti təmasları konkret istiqamət alıb, yaxın gələcəkdə işgüzar əlaqələrin də qurulacağına ümid edilir və bu, sülhün institutsionallaşdırılmasının mühüm vasitələrindən biri olacaq”.