BAKI, 15 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) səfirləri bu gün Brüsseldə Ermənistana yeni mülki missiya göndərmək qərarını təsdiqləyiblər. Bununla da gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə baş tutması gözlənilən yekun təsdiq üçün yol açıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Aİ sənədinə əsasən, missiya nazirliklər və təhlükəsizlik qurumlarına strateji, praktik məsləhətlər və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirəcək. Məlumata görə, missiya siyasətin hazırlanması, xarici informasiya manipulyasiyaları, kiberhücumlar və qanunsuz maliyyə axınlarının aşkarlanması və cavablandırılmasına fokuslanacaq, həmçinin Aİ metodologiyaları və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv şəkildə aşkarlamaq və cavablandırmaq üçün Ermənistanın təhlükəsizlik imkanlarını inkişaf etdirmək üçün nəyin lazım olduğunu qiymətləndirəcək.
Aİ bundan əvvəl iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri, ondan sonra planlaşdırılan bələdiyyə seçkiləri və Konstitusiya referendumunun təkcə ölkə üçün deyil, həm də daxili sabitlik və regional sülh üçün həlledici sınaq olacağını bildirmişdi.
Brüsselin Ermənistana göndərdiyi yeni missiyanın məqsədinin Rusiyanın seçkilərdən əvvəl ölkədə sabitliyi pozan addımlarının qarşısını almaq və ya neytrallaşdırmaq olduğu deyilir.
“Azatutyun”a ötürülən sənədlərdən birində qeyd edilir ki, Aİ-nin xarici işlər xidmətinə Brüsselin dəstəyinin məqsədini izah etmək və sülh prosesinə potensial mənfi təsirdən qaçmaq üçün Azərbaycanla müzakirələri davam etdirmək tapşırığı verilib.
Sənəddə Ermənistandakı daxili siyasi inkişaflar, xarici iqtisadi təzyiqlər və informasiya manipulyasiyaları ilə yanaşı, İrandakı müharibəyə də diqqət çəkilir: “Ermənistanın açıq olan iki sərhədindən biri İranladır və Ermənistanın kommunikasiyası, şimal-cənub nəqliyyat və ticarət dəhlizi üçün prioritet əhəmiyyət kəsb edir. Bu gərginlik Rusiyanın Ermənistan iqtisadiyyatı və enerji ehtiyaclarına təsirini daha da artıra və seçkilər ərəfəsində istismar edilə bilər”.
Yeni Aİ komandasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi, 20-30 nəfərlik beynəlxalq işçi qrupundan ibarət olması və “Avropa İttifaqı Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərməsi gözlənilir. Vurğulanır ki, Brüssel bu istiqamətdə razılığa gəlsə, üçüncü ölkələr üçün də açıq olacaq.