BAKI, 14 aprel. TELEQRAF

“Bütün problemlər müzakirə olunaraq həll ediləcək, Rusiya ilə heç bir məsələ üzrə müharibə aparmayacağıq, döyüşməyəcəyik, bütün problemləri həll edərək irəliləməyə çalışacağıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan erməni iş adamlarının Rusiyada problemlərlə üzləşdiyinə dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiyaya qarşı heç bir təhlükə yaratmırıq, təhlükə olmağı da planlaşdırmırıq. Belə niyyət yoxdur. Müəyyən məsələlər var, bu cür məsələlər bütün ölkələr arasında mövcuddur. Bir müddət həmin məsələlər qaldırılır, sonra azalır, həll olunur. Biz - siyasətçilər bu məsələləri müzakirə edib həll etmək üçün buradayıq”, - o bildirib.

Spiker Ermənistanın Avropa İttifaqına üzv olanadək Avrasiya İqtisadi Birliyində qalmasına Rusiyanın yanaşmasına dair sualı belə şərh edib:

“Qulaq asın, əgər anlayışla yanaşmasalar, bu barədə danışarıq. Hazırda faktiki olaraq, xeyli müddətdir bunu uzlaşdırmağa çalışırıq. O vaxt isə Serj Sərkisyan Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə iki-üç il danışıqlar apardı, bir gecədə hər şey dəyişdi, Gömrük İttifaqına daxil oldu. Hər iki tərəfi müəyyən mərhələdə birləşdirməyə çalışdı, elə deyilmi? Həmçinin müəyyən sənədlər imzalandı, müəyyən həll yolları tapıldı. Belə təcrübələr çox olub”.

Nikol Paşinyan hökumətinin də bir gecədə mövqeyinin dəyişib-dəyişməyəcəyi sualı veriləndə Alen Simonyan bu cavabı verib:

“Serj Sərkisyanla Nikol Paşinyan arasındakı fərqi görmürsünüz? Robert Köçəryanla Nikol Paşinyan arasındakı fərqi hiss etmirsiniz? Məsələn, Nikol Paşinyan olmasaydı, indi sizin əksəriyyətiniz “inoagent” (xarici agent) idiniz”.

Jurnalistlər etiraz etdikdə isə parlament sədri brifinqi yarımçıq kəsərək uzaqlaşıb.