BAKI, 10 aprel. TELEQRAF

“Ermənistanın TRIPP və ya “Tramp Marşrutu” layihəsində üçüncü tərəfdaşlara ehtiyacı olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, dünyada və regionda gedən o qədər də əlverişli olmayan proseslərə baxmayaraq, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində ikitərəfli işlər davam edir:

“Hazırda sənədləşmə, mahiyyət etibarilə dövlətlərarası müqavilənin razılaşdırılması mərhələsindəyik. Ümid edirik ki, mümkün qədər tez növbəti - tikinti mərhələsinə keçəcəyik, məhz burada üçüncü tərəfdaşlara ehtiyacımız olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq, razılaşma və layihə Ermənistanla ABŞ arasında olacaq, amma tikinti mərhələsində, eləcə də sistemlərin idarə olunması mərhələsində tərəfdaşlara ehtiyac yaranacaq”.

Mirzoyan qeyd edib ki, layihə ikitərəfli olsa da, Çindən tutmuş Portuqaliyaya qədər bir çox ölkələrin maraqlarına uyğundur:

“Qonşularımız barədə danışmıram belə. TRIPP başqa planetdə yerləşmir. Onun bir ucu Azərbaycana bağlanmalıdır, digər ucu isə Naxçıvandan keçərək yenə Azərbaycanda tamamlanmalıdır. Amma onun məntiqi davamı Yerasx vasitəsilə Ermənistanın dəmir yolu şəbəkəsi, Qars-Gümrü dəmir yolu qovşağı və Türkiyənin dəmir yolu şəbəkəsidir.

Mərkəzi Asiya ölkələri bu layihəyə xüsusilə böyük maraq göstərirlər. Dünən burada Qazaxıstanın xarici işlər naziri ilə görüşümüz oldu. O, Qazaxıstanın nəqliyyat naziri ilə birlikdə Ermənistandaydı. Yaxın Şərq ölkələri də bu mövzuya maraq göstərirlər. Hələlik ictimaiyyətlə bölüşə biləcəyim konkret bir şey yoxdur”.