BAKI, 8 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan onu qorxmamağa çağıran rusiyalı milyarder, müxalif “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyana cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.

“Kaluqalı Samvel öz əlaltıları vasitəsilə məni qorxmamağa çağırır. Necə “qorxmayım”? “Qorxuram” ki, ilin sonuna qədər milyarderdən evsiz birinə çevriləcəksən”, - Paşinyan bildirib.

Xatırladaq ki, həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var.

Samvel Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.