BAKI, 6 aprel. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidədir və bu, Gürcüstanın son dövrlərdə xarici siyasət istiqamətindəki dinamikasını nəzərə alsaq, həqiqətən çox maraqlıdır”.

Teleqraf xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.

Ekspert bildirib ki, 2024-cü il seçkilərindən və ondan sonrakı hadisələrdən sonra Gürcüstan hakimiyyəti xarici siyasətdə müəyyən təcrid vəziyyətinə düşmüşdü:

“Formal olaraq hər şey guya normal görünürdü, amma bu, yalnız formal idi.

Gürcüstanın möhkəm institusional əlaqələri ABŞ, institut kimi Avropa İttifaqı (Aİ) ilə, həmçinin bəzi Aİ ölkələri və əlbəttə, Azərbaycan və Türkiyə ilə var. Əsas maraqlı tərəf olan Rusiya ilə isə institutsional əlaqələr mənfi səviyyədədir. Digər ölkələrə gəlincə, ya bu cür əlaqələr yoxdur, ya da çox zəifdir. Hakimiyyətin Şərq istiqamətini inkişaf etdirmək cəhdləri ciddi uğur qazanmayıb. Bəli, BƏƏ-dən investisiyalar və Aşqabada səfərlər pis deyil, amma Tehrana səfərlərdən fərqli olaraq bunlar Gürcüstana heç bir siyasi dividendlər gətirmədi, əksinə, mənfi tərəflər açıq görünürdü.

Bakı və Tehrana səfərlər daha çox sabitləşdirici xarakter daşıyırdı, yeni perspektivlər açan addımlar deyildi. Hətta “ideoloji baxımdan yaxın” sayılan Tramp administrasiyası ilə də əlaqə qurmaq mümkün olmadı. Belə şəraitdə hakimiyyət üçün yeganə “nəfəs yeri” Ermənistanla münasibətlər idi. 2024-cü ildən etibarən Paşinyan Gürcüstana dörd dəfə səfər edib. Bu yaxşıdır, amma bu, xarici siyasətin institusionallaşması demək deyil.

Vəziyyət ABŞ-nin regiondakı təsir çərçivəsini formalaşdıran Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfərindən sonra dəyişdi. Məhz bundan sonra Gürcüstanın orta səviyyəli rəsmilərinin səfərləri başladı, ən mühümü isə xüsusi xidmət orqanlarının rəhbəri Mamuka Mdinaradzenin Vaşinqtona səfəri oldu. Ardınca ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun rəhbər müavini Piter Andreolinin səfəri və dövlət katibi Marko Rubionun telefon zəngi gəldi. Andreoli xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşdü, hətta Qara dəniz sahillərinə də getdi. Bəllidir ki, bu, “biz buradayıq” siqanlı idi. Əslində Andreolinin orada xüsusi görəcəyi bir şey yox idi. İndi də Azərbaycan Prezidentinin səfəri”.

Vasadze əlavə edib ki, Azərbaycan və Gürcüstanı bir-birinə yaxınlaşdıran çoxsaylı mövzular var:

“Soruşula bilər ki, ABŞ-nin bununla nə əlaqəsi var? Azərbaycanla Gürcüstanın Amerikasız da müzakirə edəcəyi kifayət qədər mövzular var. Var, həm də çoxdur. Amma mən təsadüfən Gürcüstanın xarici siyasətinin institusionallaşmasından danışmırdım. Heç bir daxili məlumata malik olmadan belə ehtimal edəcəyəm ki, bugünkü səfərin proqramı əsasən Azərbaycanın Gürcüstanın nəqliyyat infrastrukturunun modernləşdirilməsində iştirak imkanları və bu məsələdə təminatlar mövzusuna həsr olunacaq. Gürcüstan hakimiyyətinin konkret məqsədi var - ABŞ tərəfindən legitimləşdirilmək. Azərbaycanın məqsədi də aydındır - Gürcüstanı gözümüzün qarşısında formalaşan yeni regional iqtisadi-siyasi məkana tam şəkildə cəlb etmək.

Yəqin ki, bu səfərin nəticələrini dərhal görməyəcəyik, amma bunlar çox mühümdür - Bakıdan logistika və enerji məsələləri üzrə təminatlar əldə etməkdən tutmuş, əgər belə bir layihə reallaşarsa, Gürcüstanın regionun yeni inteqrasiya layihəsində iştirakına qədər. Belə planların olduğuna isə şübhə etmirəm. Odur ki, izləmək lazımdır”.