BAKI, 11 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı ölkəsi və Azərbaycan arasında yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsinə toxunub.

Teleqraf xəbər verir ki, o, yükdaşımaların 2025-ci ilin oktyabr ayından bərpa olunduğunu xatırladıb.

“Biz də öz növbəmizdə bu gün Azərbaycandan Türkiyəyə və əksinə tranziti təmin etməyə hazır olduğumuzu elan edirik, bunu mövcud yollarımızdan istifadə edərək edə bilərik. Nə Azərbaycan, nə də Türkiyə hələlik bu fürsətdən istifadə edib. Güman edirəm ki, bunun səbəblərindən biri də belə bir həllin TRIPP layihəsinin reallaşdırılmasının gecikməsinə səbəb ola biləcəyi ilə əlaqəlidir. Bu tribunadan rəsmi olaraq bəyan edirəm ki, Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsini gecikdirmək üçün nəinki niyyəti, həm də heç bir səbəbi yoxdur, çünki layihə Ermənistanın qısa, orta və uzunmüddətli maraqlarına tam cavab verir”, - baş nazir qeyd edib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan bu gün mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Gorus-Yeğeqnadzor-Yerasx marşrutu ilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil əlaqəsi təmin etməyə hazırdır.