BAKI, 28 fevral. TELEQRAF

“Ermənistanın parçalanmış müxalifətini birləşdirə biləcək yeganə qüvvə Samvel Karapetyandır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

“Açıq etiraf etmək lazımdır ki, aylardır müxalifət partiyaları arasında davam edən danışıqlar nəticəsində heç bir razılığa gəlinməyib. Bu halda, parçalanmış müxalifəti birləşdirə biləcək yeganə qüvvə Samvel Karapetyandır. Nəhayət, başa düşmək lazımdır ki, müxalifətin birləşməsi siyasi məsələ deyil, xalqın xilası məsələsidir. Özünü təmin edən və formalaşmış şəxsiyyət olan Karapetyan bu problemi həll etməyə qadirdir”, - o bildirib.

Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib.

Ona qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb.

Həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı seçkilərdə iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl olan Karapetyan bu baxımdan, qanunvericiliyə müvafiq düzəlişin edilməsi üçün parlament müxalifətinin dəstəyinə ümid edir.

Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.