BAKI, 11 fevral. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşündə əsas yer gələcək əməkdaşlığın inkişafına ayrılıb”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan “Armenpress”ə deyib.

“Burada söhbət yüklərin daşınması və enerji sahəsində əməkdaşlıqdan, müvafiq qurumlar arasında əlaqələrin qurulmasından, eləcə də Ermənistana benzin-dizel yanacağının idxalından gedir. Əlaqələr nə qədər çoxşaxəli olsa, Ermənistan üçün bir o qədər yaxşıdır. Söhbət qətiyyən Azərbaycandan tam asılı vəziyyətə düşməkdən getmir, söhbət əlaqələrin şaxələndirilməsindən gedir”, - o bildirib.

Politoloq Robert Qevondyan da hesab edir ki, Əliyev-Paşinyan görüşü kifayət qədər səmərəli olub:

“Əgər regional əməkdaşlıq eyni templə davam etsə, bu, Ermənistanın enerji sektorunu şaxələndirməsi və ciddi nəticələr əldə etməsinə gətirib çıxaracaq. TRIPP layihəsi isə ABŞ, Azərbaycan və Ermənistanın aktiv fəaliyyəti nəticəsində beynəlxalq əməkdaşlığın ən vacib nümunəsinə çevriləcək, xüsusilə aralarında münaqişə olmuş ölkələr üçün müsbət nümunə kimi qiymətləndiriləcək. Bu yeni vəziyyət digər regionlar üçün də tipik ola bilər”.

Siyasi ekspert Samvel Meliksetyan isə öz növbəsində qeyd edib ki, ABŞ Mərkəzi Asiyadan müxtəlif resursları Azərbaycan və Ermənistan üzərindən ixrac etməkdə maraqlıdır: “Bu isə o deməkdir ki, yeni kommunikasiyalar Azərbaycan və Ermənistan ərazilərindən keçməlidir”.