BAKI, 6 fevral. TELEQRAF
ABŞ-dən böyük nümayəndə heyəti vitse-prezident Ceyms Devid Vensin səfərinə hazırlıq məqsədilə Ermənistana gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti bir neçə gün əvvəl İrəvana çataraq "Armenia Marriott" hotelində yerləşdirilib. Onlar hotelin bütöv bir mərtəbəsini tutublar. Həmin mərtəbədə iş zonası yaradılması üçün otaqlardakı mebellər çıxarılıb, yalnız masa və stullar saxlanılıb.
Hotel əməkdaşlarının bu mərtəbəyə daxil olması qadağan edilib. Nümayəndə heyətinin üzvləri isə gecəni hotelin başqa hissəsində keçirirlər. ABŞ nümayəndə heyətinin Ermənistanda iki həftə qalacağı bildirilir.
Qeyd edilib ki, Ceyms Devid Vens fevralın 9-da Ermənistana səfər edəcək və artıq növbəti gün Bakıya yola düşəcək.