BAKI, 5 fevral. TELEQRAF
“Ermənistan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa çevrilməsi faktını nəzərə almalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Siyasinin sözlərinə görə, İrəvan üçün Aİ-nin getdikcə iqtisadi blok modelindən uzaqlaşdığını dərk etmək vacibdir:
“Ermənilər hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Yəqin ki, onlar özlərinə bu sualı da verməli olacaqlar”.
Overçuk həmçinin bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqələrin əhəmiyyətini anlayır və bu əlaqələrin qırılması ölkə iqtisadiyyatına təsir göstərəcək:
“Avrasiya İttifaqı Ermənistanın ən vacib iqtisadi tərəfdaşıdır, yaxın perspektivdə də belə qalacaq. Üstəlik, biz görürük ki, Ermənistan təkcə Rusiya ilə deyil, Avrasiya İqtisadi Birliyinin digər üzvləri, xüsusilə Qazaxıstanla əlaqələrini fəal şəkildə inkişaf etdirir”.
Rusiya baş nazirinin müavini əlavə edib ki, Ermənistan və rəhbərliyində Aİ ilə yaxınlaşmaq istəyən kifayət qədər insan var.