BAKI, 4 fevral. TELEQRAF
Brüsselin tərəfdaşlıq məsləhətlərinə əməl olunacağı təqdirdə Gürcüstan iqtisadiyyatı ağır zərbə alardı.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili rəsmi Tbilisinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsinin səbəblərini izah edərkən Avropa İttifaqını (Aİ) tənqid edib.
"Əgər biz Brüsselə qulaq assaydıq, bu gün ölkədə ikiqat və ya üçqat bahaçılıq olardı",- o qeyd edib.
Ş. Papuaşvili Aİ-nin Gürcüstana Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi, sərhədləri bağlamağı və birbaşa uçuşları qadağan etməyi tövsiyə etdiyini xatırladıb.
Spiker vurğulayıb ki, hazırda Gürcüstana gətirilən un və yanacağın mühüm hissəsinin Rusiya bazarına söykənməsi biznesin iqtisadi maraqlarından irəli gəlir: "Biznes haradan daha sərfəli və keyfiyyətli məhsul almağın mümkün olduğuna baxır. Əgər Avropa İttifaqı bizi bu imkanlardan məhrum etsəydi və biz yanacağı Avropadan almalı olsaydıq, o zaman hamı qiymətlərin necə sürətlə artdığının şahidi olardı".