BAKI, 30 yanvar. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər 2025-ci ilin dekabrında qəbul edilmiş Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyinin icrası məsələlərini müzakirə ediblər.
Görüşdə Aİ Şurasının Ermənistan üçün Avropa Sülh Fondu (EPF) çərçivəsində ikinci yardım paketi müzakirə ediblər. Aİ tərəfi bu vəsaitin Ermənistanın böhranlara qarşı davamlılığını artırmaq və ordunun mülki əhalinin müdafiəsi imkanlarını genişləndirmək məqsədi daşıdığını bildirib.
Danışıqlar zamanı 2026-cı ilin may ayında İrəvanda keçirilməsi planlaşdırılan Ermənistan-Aİ Sammitinə hazırlıq məsələlərinə geniş yer ayrılıb. A. Mirzoyan və Marta Kos bu sammitin ikitərəfli əlaqələrdə yeni, daha yüksək mərhələnin başlanğıcı olacağını vurğulayıblar. Həmçinin, "Davamlılıq və Artım" proqramı çərçivəsində nəzərdə tutulan iqtisadi islahatlar və vizaların liberallaşdırılması istiqamətində atılan addımlar qeyd edilib.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesi və regional kommunikasiyaların açılması məsələlərinə də toxunulub. Tərəflər sülh müqaviləsinin imzalanacağı təqdirdə, Cənubi Qafqazda yeni infrastruktur layihələrinin icrası və iqtisadi əlaqələrin qurulması imkanlarını müzakirə ediblər.