BAKI, 15 yanvar. TELEQRAF

“Ermənistan tərəfi İranla əlaqəli hadisələri diqqətlə izləyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İranın İrəvandakı səfirliyi önündə keçirilən aksiya barədə bildirib.

“Bizim üçün dost və qardaş ölkə olan İranın narahatlıqlarının aradan qaldırılması üçün hər şeyi etmişik və etməyə davam edəcəyik”, - o bildirib.

O xatırladıb ki, 2018-ci ildən bəri Ermənistanda mitinq keçirmək qadağan deyil: “Hansısa halda fərqli davrana bilmərik”.

Paşinyanın sözlərinə görə, o, ifadə formalarının İran və ya ümumiyyətlə hansısa səfirliyin işinə mane olmaması fikrini bölüşür.

Həmçinin, o, qanunu pozmamağın vacib olduğunu qeyd edib: “Bu həddi keçənlər müvafiq tədbirlərə məruz qalacaqlar. Artıq bir neçə iş üzrə müvafiq tədbirlər görülüb”.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami səfirlik önündə keçirilən aksiya ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib. Səfir bir həftəyə yaxındır İrəvanda Tehran əleyhinə aksiyaların keçirildiyini açıqlayıb.

Xəlil Şirqulami Ermənistan hakimiyyətini İrana düşmən olan qüvvələrə meydan verməkdə günahlandırıb və bəyan edib ki, Tehran bunu heç vaxt unutmayacaq.