BAKI, 14 yanvar. TELEQRAF
Ermənistan ilə Avropa İttifaqı arasında sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və yenilərinin yaradılması istiqamətində geniş əməkdaşlıq imkanları mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir deyib ki, hazırda Ermənistan-İran sərhədində iri və müasir gömrük-keçid məntəqəsinin inşası Ermənistan-Aİ əməkdaşlığı çərçivəsində həyata keçirilir:
"Avropa İttifaqı ilə sərhəd-keçid məntəqələrinin yenilənməsi və ya yaradılması sahəsində əməkdaşlıq üçün böyük potensiala malikik. Ermənistan–İran sərhədində tikilən müasir gömrük məntəqəsi buna nümunədir".
Aİ ilə tərəfdaşlığın inkişafı kontekstində Nikol Paşinyan Avropa Sülh Fondu çərçivəsində ölkəsinə artıq ikinci dəfə maliyyə dəstəyinin göstərilməsinə görə təşəkkür edib. O xatırladıb ki, Macarıstan Avropa Sülh Fondu vasitəsilə Ermənistana 20 milyon avro ayrılması ilə bağlı qərar üzərindəki vetosunu geri götürüb.
Baş nazir iddia edib ki, ayrılacaq vəsait sülh gündəliyinin inkişafı və həyata keçirilməsinə xərclənəcək:
"Xarici işlər naziri mənə məlumat verib ki, Macarıstan tərəfi qərarla razılaşıb, konsensus əldə olunub. Qərar rəsmi şəkildə qəbul ediləcək və açıqlanacaq. Məzmun detalları barədə hazırda danışa bilmərəm, lakin bu vəsait istənilən halda sülh məntiqi çərçivəsində xərclənəcək".
Xatırladaq ki, bundan əvvəl Brüsselin Avropa Sülh Fondu vasitəsilə hərbi məqsədlər üçün Ermənistana 20 milyon avro ayırması qərarına Budapeşt tərəfindən veto qoyulub. Macarıstan xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Budapeşt Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.
Xarici işlər naziri Ceyhun Bayramov da dekabrın 26-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Avropa Sülh Fondu tərəfindən Ermənistana maliyyə dəstəyi ayrılacağı təqdirdə, eyni həcmdə yardımın Azərbaycana da göstərilməsinin zəruri olduğunu bildirib.