BAKI, 8 yanvar. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin artıq kilsəyə rəhbərlik edə bilmir, onu təhlükə altında qoyur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Respublika Uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan bildirib.

Siyasətçinin sözlərinə görə, II Qareginin vəzifədə qalması vəziyyəti daha da pisləşdirəcək:

“Artıq Eçmiədzində onun rəhbərliyi ilə keçirilən mərasimlərə daha az insanın qatıldığını görürük, bu, II Qaregin üçün siqnal olmalıdır. Amma biz onun aqressiv notlarla mesajlar göndərərək, davam etdiyini görürük. Dövlət kilsənin islahat prosesinə daha çox dəstək göstərməlidir. Baş nazir Nikol Paşinyan da bildirib ki, kilsənin dövlətə qarşı hərəkət etməsinə icazə verməyəcək”.

Mehrabyan II Qareginin Rusiyanın təsiri altında hərəkət etdiyini vurğulayıb.

Siyasətçi katolikosun qardaşı, Rusiyadakı erməni yeparxiyasının rəhbəri Yezras Nersisyanı “agent” adlandırıb: “Onun agent qardaşı (Rusiyada) girovdur”.

Yezras Nersisyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin onun agent olduğunu açıqlamasını inkar etməsi ilə bağlı Mehrabyan qeyd edib: “Əlbəttə, təkzib etməlidir, başqa nə etməlidir ki? İnsan həyasızlığının həddi-hüdudu yoxdur, ona görə də təkzib edir. Qoy Putindən medal almasını da təkzib etsin”.

Ruben Mehrabyan əlavə edib ki, II Qaregin məsələsi milli təhlükəsizlik məsələsidir, dövlət bunu hüquqi yolla həll etməyə borcludur. Söhbət katolikosun vəzifəsindən uzaqlaşdırılmasından gedir.

Siyasətçi katolikos və qardaşını “dini libas geyinmiş “5-ci kolon” və kloun” adlandırıb.