“Türkiyə-Azərbaycan münasibətləri çox möhkəm təməl üzərində qurulub. İki qardaşın arasına üçüncü bir aktorun girməsi mümkün deyil. Buna imkan da verməməliyik. “İki dövlət, bir millət” olaraq taleyimizin birliyini fasiləsiz şəkildə davam etdirməliyik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin “Haber7” portalının köşə yazarı Osman Ateşli deyib.
“Münasibətlərimizin həmişə güclü qalması üçün hər kəsin üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın Türkiyədən, Türkiyənin də Azərbaycandan uzaqlaşması mümkün deyil və mümkün olmamalıdır.
Risklər varmı? Bu coğrafiyada mövcud olduğumuz müddətdə risklərin olmaması mümkün deyil. Cəmiyyəti yanlış təəsürat və yalanlara təslim etməsək, bu riskləri aradan qaldıra bilərik. Media və sosial platformalarda əsassız şayiələrə boyun əysək, zaman-zaman aparılan əks-təbliğatlara uya bilərik. Bunun qarşısını almaq üçün münasibətlərin doğru şəxslər tərəfindən, düzgün istiqamətdə idarə olunması çox vacibdir. Ayıq-sayıq olmalıyıq”, - o qeyd edib.
Osman Ateşli əlavə edib ki, iki qardaş ölkənin qarşısında diplomatiyanı birbaşa maraqlandıran bir çox mühüm mövzular var:
“Regional təhlükəsizlik məsələləri, Azərbaycanla hərbi əməkdaşlıq, Ermənistanla münasibətlər, sərhəd məsələləri, nəqliyyat dəhlizləri... Bundan əlavə, ikitərəfli ticarət və enerji məsələlərini də unutmaq olmaz”.
“Haber7”nin yazarı hesab edir ki, Ankara və Bakıda bütün istiqamətlərdə ciddi qətiyyət mövcuddur, bu isə olduqca sevindiricidir.