“Ermənistan diplomatik münasibətlərin qurulması, sərhədlər və bütün infrastrukturun açılmasına nail olmaq məqsədilə Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində iştirakını ardıcıl olaraq davam etdirir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Qriqor Akopyan “Təsnim” agentliyinə bildirib.

Səfir qeyd edib ki, son zamanlar Ermənistan-Türkiyə təmasları intensivləşib:

“Bu təmaslar bütün səviyyələrdə baş tutur: iki ölkənin liderləri, xarici işlər nazirləri və xüsusi nümayəndələr, eləcə də müvafiq xarici siyasət və sektor qurumları arasında. Ermənistan diplomatik münasibətlərin qurulması, sərhədlər və bütün infrastrukturun açılmasına nail olmaq məqsədilə nizamlama prosesində konstruktiv iştirakını ardıcıl olaraq davam etdirir”.

Akopyan bu il İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin daha bir görüşünün keçirildiyini və dialoq çərçivəsində artıq əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinin müzakirə olunduğunu bildirib:

“Bu razılaşmalara Marqara-Əlican sərhəd-keçid məntəqəsinin istismarı, eləcə də Gümrü-Qars dəmir yolu və Ermənistan-Türkiyə elektrik ötürücü xəttinin bərpası üzrə işlərin həyata keçirilməsi daxildir. Gümrü-Qars dəmir yolunun yenidən aktivləşdirilməsi regional kommunikasiya baxımından əsas əhəmiyyət kəsb edir. “Tramp yolu” layihəsi ilə birlikdə Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Gürcüstan və Ermənistan) və qonşu bölgələri birləşdirən vahid dəmir yolu şəbəkəsi yaradılacaq.

Bir neçə gün əvvəl iki ölkənin müvafiq qurumlarının nümayəndələri bu dəmir yolunun bərpası və istismarına yönəlmiş ikinci texniki müzakirələr aparıblar ki, bu da prosesin davamlı və praktik xarakterini göstərir”.

Səfir hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində əhəmiyyətli irəliləyişlər nəzərə çarpır və bu dinamika qorunub saxlanılarsa, regionda həm Ermənistan, həm də bütün region üçün müstəsna əhəmiyyət kəsb edəcək yeni, daha inteqrasiya olunmuş və proqnozlaşdırıla bilən bir mühit formalaşdırmaq mümkün olacaq.